"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Daş heykəlin nağılı” adlı kitabın təqdimat mərasimi keçirilib

--2017-04-01 / 19:34

Ağsu rayon Mədəniyyət mərkəzində müasir Azərbaycan hərb tarixinə adı qızıl hərflərlə yazılmış aprel döyüşlərində şəhid olan Toğrul Fərəczadənin ömür yolundan bəhs edən “Daş heykəlin nağılı” adlı kitabın təqdimat mərasimi keçirilib.

Himnin möhtəşəm sədaları və şəhid Toğrul Fərəczadə haqqında hazırlanmış videorolik ilə açılışı olan təqdimat mərasimində rayon rəhbərləri, əməkdar artist əli Nur, balaban ustadı Rasim ələsgərov, şəhidin yaxınları, doğulub boya-başa çatdığı Bico kəndinin və Ağsu rayonu Bico kənd tam orta məktəbinin nümayəndələri, şəhidin döyüş yoldaşları iştirak ediblər.

Daha sonra müəllifin Toğrul Fərəczadəyə həsr etdiyi monoloq səsləndirilib. ilk öncə şəhidin atası Habil Cəbiyev övladının keçdiyi döyüş yolu barədə danışıb və şəhid oğlu ilə fəxr etdiyini bildirib: "Toğrul daim vətən üçün, torpaq üçün yarandığını və ən böyük borcunun işğal altındakı əraziləri işğaldan azad etmək olduğunu deyirdi. Onun bir amalı var idi, o da torpaq uğrunda döyüşmək, şəhid olmaq. Mən bu gün oğlumla qürur duyuram. Tək oğul itkisi mənim üçün nə qədər ağır olsa da, şəhid atası olmaq o qədər qürurvericidi. Nə qədər Azərbaycan var, o qədər də Toğrul var. Nə qədər Toğrul var, o qədər də mən varam. Silahdaşlarının dediyinə görə, Toğrul sağlığında öz qanını alıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən bir oğul itirdim, yüzlərlə qəhrəman oğul qazandım".

Rayon icra hakimiyyətinin başçısı ənvər Seyidəliyev, təhsil şöbəsinin müdiri Tahir Xasıyev, aktyor əli Nur, Ağsu rayonu Bico kənd xəstəxanasının baş həkimi Vaqif Nəsirov, Bico kənd tam orta məktəbinin direktoru Yaşar Qarayev və başqaları çıxış edərək Azərbaycan əsgərlərinin aprel döyüşlərində göstərdiyi şücaətdən, erməni qəsbkarlarına sarsıdıcı zərbə endirildiyindən danışıb, Prezident, Ali Baş Komandan ilham əliyevin rəhbərliyi ilə ordumuzun torpaqlarımızı azad etmək əzmində olduğunu bildiriblər.Həmçinin mərasimdə Bico kənd tam orta məktəb şagirdlərinin hazırladıqları ədəbi kompozisiya təqdim olundu.

şəhidin doğmaları və yaxınları, müəllimləri, dostları və döyüş yoldaşları onunla bağlı xatirələrini bölüşüblər. Vurğulanıb ki, bu tarixi döyüşlərdə şəhid olanların, o cümlədən Toğrul Fərəczadənin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Çıxış edənlər Ağsulu şəhidin ömür yolundan bəhs edən kitabın ərsəyə gətirilməsinə görə müəllif Rəfiqə Rafiqızına təşəkkürlərini bildirib, belə əsərlərin gənclərin vətənpərvərlik tərbiyəsindəki əhəmiyyətindən danışıblar.şəhidin ailə albomundan götürülən, ömrünün müxtəlif anlarını əks etdirən fotoşəkillərin də geniş yer aldığı kitabın müəllifi təqdimat mərasiminin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib, bunun şəhidlərimizin xatirəsinə böyük ehtiramın təzahürü olduğunu söyləyib.

Belediyye.info

ŞƏRHLƏR